Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir M.Əliyev|
Fevralın 5-də saat 17:00-dan başlayaraq bütün gecə ərzində Fövqəladə Hallar Nazirliyinin xilasedici qurumlarının gördüyü tədbirlər nəticəsində, Bakı-Şamaxı yolunun Müşfiqabad qəsəbəsinə qədər olan ərazisində qarda batıb qalmış avtomobillərdən 80 nəfərdən artıq şəxs xilas edilərək Müşfiqabad qəsəbəsinə və Bakı şəhərinə çatdırılıb. Bu barədə FHN-in məlumatında deyilir.
Bakı-Şamaxı yolunun 40-cı kilometrindən 40 nəfər şəxs götürülərək Bakıya gətirilib. 55-ci kilometrindən sonra olan sahədən 42 nəfər şəxs götürülərək Şamaxı şəhərinə aparılıb. Hazırda həmin yolun 35-45-ci kilometrliyində müxtəlif avtomaşınlarda qalmış 30-dan çox şəxsin xilas olunması üçün müvafiq tədbirlər görür.
Hövsan-Zığ şosesində qalmış avtomobillərdən səhər saat 4-6 radələrində 106 nəfər şəxs götürülərək Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsindəki hərbi hissəsinə yerləşdirilib.
Mərdəkan şosesi və Pirallahı qəsəbəsi arasında yolun bağlanmış hissəsində qalan avtomobillərdən 66 nəfər şəxs çıxarılaraq Binə Hava Limanına aparılıb. Qalan 50-yə yaxın vətəndaşın çıxarılması üçün əlavə tədbirlər görülür.