Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycanda hava şəraitinin kəskinləşməsi və qarın yağması ilə əlaqədar Bakı - Şamaxı yolunda problem yaranıb.
Fövqəladə Hallar Nazirliyinin internet saytının yaydığı məlumata görə, qarın intensiv yağması ilə əlaqədar olaraq Bakı - Şamaxı yolunun 60-90-cı kilometrliklərində avtomobillərin hərəkəti çətinləşib, xeyli sayda müxtəlif təyinatlı avtomobil yolda qalıb.
Yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının canlı qüvvəsi və texnikası cəlb olunub. Əməliyyat nəticəsində vətəndaşlara müvafiq köməklik göstərilib. Xəsarət alan olmayıb.
Martın 18-də respublikanın bir çox şəhər və rayonlarında hava şəraiti kəskin dəyişib, temperatur aşağı düşüb, küləklə müşayiət olunan sulu qar və qar yağıb. Bəzi yerlərdə qar örtüyünün hündürlüyünün 6-10 sm-ə çatdığı, yolların buz bağladığı və qarla örtüldüyü qeyd olunub.