Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir K. Zərbalıyeva/
Azərbaycanın rayonlarında yağan leysan yağışlar təsərrüfatlara ciddi ziyan vurub.
Fövqəladə Hallar Nazirliyinin internet saytının cümə günü yaydığı məlumata görə, iyunun 24-25-də axşamdan başlayaraq respublika ərazisində hava şəraiti kəskin dəyişmiş, güclü külək əsmiş, leysan xarakterli yağışlar yağmışdır.
Nəticədə, respublikanın bəzi rayonlarında yaşayış evlərinə, sosial-inzibati obyektlərə, əkin sahələrinə, elektrik və rabitə təsərrüfatlarına ziyan dəydiyi bildirilir. Hazırda müvafiq komissiyalar tərəfindən yerlərdə dəymiş ziyanın məbləği müəyyənləşdirilir.
İyunun 24-də saat 20:00 radələrində Tərtər rayonu ərazisində yağmış yağış və əsmiş güclü küləkdən Düyərli kəndində Bərdə rayon sakini Seyfəddin Piriyevə məxsus "VAZ-2103" markalı avtomaşının üstünə ağac düşüb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Piriyev və sərnişinlərindən biri, Bərdə rayon sakini Mətləb Paşayev ölüb, digər sərnişinlər - Səbuhi Yaqubzadə, Cəmil Cahangirov və onun qardaşı Şəfa isə xəsarət alıblar.