Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda istintaq təcridxanasına portağalın içində narkotik keçirmək cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 2 saylı istintaq təcridxanasının əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəssisədə saxlanılan 24 yaşlı Samir Allahverdi oğlu Cəfərovun yanına gəlmiş atası Allahverdi Qüdrət oğlu Cəfərovun gətirdiyi ərzaq və sovqatlara baxış keçirilib.
Baxış zamanı 2 ədəd portağalın içində gizlədilmiş spesifik iyə malik təxmini çəkisi 1,008 qram olan narkotik vasitə heroin və 6,85 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Cəfərov Cinayət Məcəlləsinin xuliqanlıq (221.2.2-ci) maddəsi ilə ittiham olunaraq həbs edilib.
Faktla bağlı araşdırma aparılır.