...

Tailandın paytaxtı tamamilə su altında qala bilər

Hadisə Materials 27 Oktyabr 2011 14:11 (UTC +04:00)
Tailand sakinləri fəlakətli daşqınlarla bağlı ciddi təşviş yaşayırlar. Belə ki, krallığın 78 vilayətindən 28-i su altında qalıb.
Tailandın paytaxtı tamamilə su altında qala bilər

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Tailand sakinləri fəlakətli daşqınlarla bağlı ciddi təşviş yaşayırlar. Belə ki, krallığın 78 vilayətindən 28-i su altında qalıb. Ekspertlərin fikrincə, bu, son 10 il ərzində baş verən ən güclü təbii fəlakətdir. Qurbanların sayı 373 nəfərə çatıb. Su ən azı 800 min yaşayış evini məhv edib. Bu barədə Trend İTAR-TASS agentliyinə istinadən xəbər verir.

Ölkənin paytaxtı Banqkok əvvəlki kimi su altındadır. Hökumət 27-31 oktyabrı şəhər sakinlərinə daşqınlara hazırlaşmaq, eləcə də imkanı olanlara şəhəri tərk etmək üçün "məcburi istirahət günləri" elan edib.

Hazırda ölkə paytaxtından Kamboca və Malayziya istiqamətində yollar avtomobillərlə doludur. Banqkokun beynəlxalq hava limanı "Suvarnabxumi" hələlik ştat rejimdə işləyir. "Don Mueanq" aeroportu isə uçuş-eniş zolağının su altında qalması üzündən ən azı noyabrın 1-dək bağlı qalacaq.

Ranqsit Universitetinin Fəlakət Mərkəzinin direktoru professor Seri Suparaditin məlumatına görə, hadisələrin inkişafının ssenarisi Banqkokun tamamilə su altında qala biləcəyindən xəbər verir.

Daşqınlar səbəbindən Toyota, Honda, Mazda, Ford zavodlarında maşınların istehsalı dayandırılıb. Kompüter hissələrinin istehsalı üzrə Amerika və Yaponiya şirkətlərinin filiallarını da su basıb. Eləcə də sərt disklərin buraxılışı dayanıb ki, bu da dünya bazarında həmin detalların qıtlığının yaranmasına səbəb ola bilər.

İlkin hesablamalara görə, daşqınlar nəticəsində dəyən ziyanın həcmi 16 milyard dollara çata bilər. Demək olar, 300 bank şöbəsi öz fəaliyyətini dayandırıb, 10 min zavod və fabrikdə iş dayandırılıb, bir sıra müəssisələrin sex və korpuslarını su basıb. 700 minə yaxın adam müvəqqəti olaraq işsiz qalıb.

Tailandda təbii fəlakət səbəbindən içməli su ilə bağlı gərgin vəziyyət yaranıb. İçməli si paylayan və plastik qablar istehsal edən zavodlar da su altında qalıb. Tailand paytaxtının sakinləri təşviş içində ərzaq və digər ilkin zəruri tələbat malları alırlar. Banqkokdakı həbsxanalardan təhlükəsizlik məqsədilə yüzlərlə məhbus digər vilayətlərdəki həbsxanalara köçürülüb.

Hakimiyyətdən verilən məlumata görə, krallığın ərazisində yaşayış evini tərk etmiş sakinlər üçün 1,2 min sığınacaq fəaliyyət göstərir. Daşqınlardan ümumilikdə, 3 milyondan artıq insan ziyan çəkib, 720 minə yaxın adam tibbi yardım üçün müraciət edib, ölkədə 200 səyyar hospital fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti