Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda istirahət günlərində 36 yol qəzasında 14 nəfər həlak olub, 52 nəfər xəsarət alıb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, qəzaların 13-ü (2 ölüm, 22 xəsarət) Bakıda qeydə alınıb.
Ölümlə nəticələnən ağır yol qəzaları Masallıda (iyunun 16-da) və Xaçmazda (iyunun 17-də) olub. Hər iki qəzanın hər birində 3 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.
Bakıda isə 8 nəfərin xəsarət alması ilə nəticələnən iki ağır yol qəzası olub.
İyunun 16-da Bakının Nəsimi rayonunda, Səməd Vurğun küçəsində "Sonata" ilə "Prado" markalı minik avtomoblləri toqquşub, 4 nəfər xəsarət alıb.
Yasamal rayonu ərazisində, Bünyadzadə küçəsində isə "Ford Tranzit" yük avtomobili ilə "KİA" toqquşub, 4 nəfər xəsarət alıb.
Bütün faktlar üzrə cinayət işi başlanıb.