Azərbaycan, Bakı, 11 iyul /Trend müxbir K.Zərbalıyeva/
Bakıda çimərlikdə batan 2 nəfərin axtarışı aparılır.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 1995-ci il təvəllüdlü Nicat İsmayılov və 1995-ci il təvəllüdlü Əhliman Zalıyev Abşeron rayonu ərazisində dənizdə ("Novxanı" sularda xilasetmə məntəqəsindən 3 km və 3,5 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batıblar.
Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıblar. Hazırda qeyd olunan şəxslərin axtarışları üzrə əməliyyat davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1999-cu il təvəllüdlü Nicat Muradov Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə ("Şüvəlan" sularda xilasetmə məntəqəsindən 3 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıblar. Muradovun cəsədi sahildə vətəndaşlar tərəfindən tapılıb.
Günün müxtəlif saatlarında Bakı şəhəri, Xəzər və Sabunçu rayonları ərazisində dənizdə ("Pirşağı", "Sahil-1", "Zuğulba-3" və "Buzovna" sularda xilasetmə məntəqələrinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 6 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.