...

Stavropol bazarında atışmada azərbaycanlı xəsarət almayıb

Hadisə Materials 22 Avqust 2012 16:00 (UTC +04:00)
Çərşənbə günü səhər Stavropolun "Cənub" bazarında baş verən atışmada azərbaycanlılardan xəsarət alan olmayıb.
Stavropol bazarında atışmada azərbaycanlı xəsarət almayıb

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir E.Mehdiyev/

Çərşənbə günü səhər Stavropolun "Cənub" bazarında baş verən atışmada azərbaycanlılardan xəsarət alan olmayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bu insidentin azərbaycanlılara heç bir aidiyyatı yoxdur və azərbaycanlılardan zərər çəkən olmayıb. Hadisə zamanı yaralandığı bildirilən Həsən Süleymanov isə azərbaycanlı deyil.

Qeyd edək ki, çərşənbə günü səhər Stavropolun "Cənub" bazarında silahlı insident baş verib. Məlumata görə, atışmada beş nəfər yaralanıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Rusiya DİN Bİ-nin Stavropol diyarı üzrə mətbuat xidmətinin rəisi Yevgeni Arnautova istinadən xəbər verib.

"Beş nəfər bazara daxil olandan sonra onlarla kənd təsərrüfatı malları satıcıları arasında məlum olmayan səbəbdən münaqişə yaranıb. Müəyyən edilməmiş, çox güman ki, travmatik silahdan onlar atəş açmağa başlayıblar. Nəticədə beş nəfər xəsarət alıb", - Arnautov bildirib.
O əlavə edib ki, şübhəlilər hadisə yerindən avtomobillə qaçıblar. Maşının sahibi artıq müəyyən edilib.

Arnautov qeyd edib ki, bütün polis qüvvələri şübhəlilərin saxlanmasına cəlb olunub.
İlkin məlumata görə, şübhəlilərin qaçdıqları "VAZ-2114" markalı avtomobil şəhərdəki tikinti şirkətlərindən birinin mühafizəçisinə məxsusdur. Bu barədə RİA Novosti-yə şəhərin hüquq-mühafizə orqanlarınındakı mənbə məlumat verib.

Hadisə şahidinin RİA Novosti-yə bildirdiyi kimi, səhər 5-6 nəfər şəxs bazara soxularaq "burada qayda yaradacaqlarını" bəyan edib, bundan sonra isə satıcılara nizamsız atəş açmağa başlayıb. "Mənim oğluma iki atəş açılıb, o döş qəfəsindən iki yara alıb... İndi o, Stavropol diyarının xəstəxanasındadır. Qohumlarımdan qardaşım oğlanları və qardaşlarım- daha altı nəfər yaralanıb", - bazarda alver edən David Rzqoyan əlavə edib.

Xəbər lenti

Xəbər lenti