Azərbaycan, Bakı, 01 noyabr /Trend/
ABŞ-ın şərq sahillərini vurmuş "Sendi" qasırğasının qurbanlarının sayı 74 nəfərə çatıb, 21 nəfər isə itkin düşüb. Bu barədə Trend ABŞ mətbuatına istinadən məlumat verib. Qasırğa nəticəsində 7 milyon insan işıqsız qalıb.
Daha çox Nyu-York, Nyu-Cersi, Pensilvaniya, Qərbi Virciniya və Şimali Karolina ştatlarında tələfatlar qeydə alınıb.
30 gün ərzində fövqəladə vəziyyət elan edilib.
ABŞ Milli Qasırğa Xəbərdarlığı Mərkəzinin məlumatına görə, qasırğa sahili gözlənildiyindən zəif vurub.
Eyni zamanda məlumatlara əsasən, Nyu-Yorkun Manhetten və Kvins rayonlarında metropoliten tunelləri su ilə dolub. Lakin artıq suyun səviyyəsi enir. Bir sıra sosial şəbəkələrdə qasırğanın Nyu-Yorka özü ilə köpək balıqları gətirdiyi yazılıb və müvafiq şəkillər əlavə olunub.
Nyu-Yorkun Manhetten səmtində, "Consolidated Edison" şirkətinin elektrik yarımstansiyalarından birində partlayış baş verib.
Ekspertlərin dediklərinə görə, ABŞ-da 11 ştat və Kolumbiya federal dairəsində "Sendi"dən təqribən 50 milyon insan zərər çəkə bilər.
"Sendi" qasırğası nəticəsində sular altında qalmış Nyu-Yorkun Kvins bölgəsində güclü yanğın başlayıb. Yanğın nəticəsində ən azı 50 ev külə dönüb.
ABŞ-ın şərq sahillərini vurmuş "Sendi" qasırğasının ölkə iqtisadiyyatında 20 milyard dollara yaxın itkiyə səbəb olduğu bildirilir.