...

Bakıda baş vermiş silahlı insidentin səbəbləri açıqlanıb

Hadisə Materials 7 Yanvar 2013 18:31 (UTC +04:00)
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Bakıda baş vermiş silahlı insidentlə bağlı birgə məlumat yayıb.
Bakıda baş vermiş silahlı insidentin səbəbləri açıqlanıb

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Bakıda baş vermiş silahlı insidentlə bağlı birgə məlumat yayıb.

"Xəbər verildiyi kimi, 2013-cü il yanvarın 6-da saat 18.00 radələrində paytaxtın Balaxanı qəsəbəsi ərazisində qəsəbə sakinləri Əsəd Əliyev, oğlu Məhəmməd və qardaşı Seymurla münaqişə zəminində Bakı şəhər sakinləri Elçin Əliyevi və Sadiq Musayevi odlu silahdan atəş açaraq yaralamış, Elxan Bayramzadəyə isə bıçaqla xəsarət yetirmişlər. Yaralılar dərhal Sabunçu rayonundakı 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilsə də Elxan Bayramzadənin və Elçin Əliyevin həyatını xilas etmək mümkün olmamışdır", - birgə məlumatda deyilir.

Bildirilir ki, həmin məlumatla əlaqədar daxili işlər və prokurorluq orqanlarının əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitlərə baxış keçirib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar - 1 ədəd "Makarov" tipli tapança, 5 giliz və 1 bıçaq götürülüb, habelə digər zəruri hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğuna həvalə edilib.

İstintaqla müəyyən edilib ki, hadisədən bir gün əvvəl idarə etdikləri avtomaşınlarla biri-birlərinə yol vermədiklərinə görə, Əsəd Əliyevlə Sadiq Musayev arasında mübahisə baş verib. Bu zaman Sadiq Musayev və onunla birlikdə olan Elxan Bayramzadə Əsəd Əliyevi yumruqla vurublar. Ertəsi gün Əsəd Əliyev, oğlu Məhəmməd və qardaşları Seymurla Teymur Elxan Bayramzadə, Elçin Əliyev, Sadiq və Tahir Musayev qardaşları ilə Balaxanı qəsəbəsində görüşərək məsələyə aydınlıq gətirmək istəyiblər. Lakin mübahisə daha da böyüyüb, bu zaman Teymur Əliyev üstündə gəzdirdiyi "Makarav" tipli tapançadan atəş açaraq Elçin Əliyevi baş nahiyyəsindən, Sadiq Musayevi isə sağ bud nahiyyəsindən yaralayıb, Məhəmməd Əliyev isə Elxan Bayramzadəni ürək nahiyyəsindən bıçaqla vurub.

Həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Əsəd və Məhəmməd Əliyevlər yanvarın 7-də Bakı şəhərində, Seymur Əliyev isə Yevlax rayonunda tutularaq istintaqa cəlb ediliblər.

Hazırda cinayətin digər iştirakçılarının da müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat və axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti