Azərbaycan, Bakı, 17 may /Trend/
Cənubi Çində leysan yağışlar və daşqınlar nəticəsində ölənlərin sayı 33-ə qədər artıb, daha 12 nəfər isə itkin düşüb. Bu barədə Trend cümə günü Sinxua agentliyinə istinadən məlmat verir.
Bundan əvvəl bildirilib ki, yalnız leysan yağışlardan ən zərər çəkmiş Quandun əyalətində 18 nəfər həlak olub. Ümumiləşdirilmiş ilkin məlumatlara görə, təbii fəlakətdən 650 min nəfər zərər çəkib. Təxminən 2,7 min ev dağıdılıb.
Təbii fəlakətin zərbələrinə beş şəhər dairəsinin ərazisi, o cümlədən əyalətin paytaxtı Quancjou şəhəri məruz qalıb.
Əyalətin bəzi çaylarında suyun səviyyəsi kritik səviyyəni ötüb. Beyszyan çayında son yüz il ərzində ən güclü daşqın müşahidə olunub.
Hakimiyyət orqanları əhaliyə yardım göstərir. Sinoptiklərin proqnozuna görə, yaxın bir neçə gündə Quandun əyalətində hava qeyri-stabil olacaq, daşqınların təhlükəsi qalıb.