Azərbaycan, Bakı, 7 dekabr /Trend/
Bakıda stomatoloji klinikada baş verən ölüm faktı ilə bağlı Bakı şəhər Prokurorluğu rəsmi məlumat yayıb.
Bakı şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, dekabrın 5-də saat 12:00 radələrində paytaxtın Nəsimi rayonu ərazisində fəaliyyət göstərən "VİP DENTAL" özəl stomatoloji klinikada Məmmədov Elçin Seyfulla oğlunun üzərində keçirilən cərrahiyyə əməliyyatı zamanı ölməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında məhkəmə-tibbi ekspertin iştirakı ilə zəruri kriminalistik vasitələrdən istifadə edilməklə hadisə yerinə baxış keçirilmiş, Elçin Məmmədovun meyiti xarici müayinə olunmuşdur.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Aparılan ilkin araşdırmalarla müəyyən edilmişdir ki, klinikada həkim-stomatoloq kimi fəaliyyət göstərən Hüseynov Baxış Hüseyn oğlu qeyd edilən tarixdə ona müraciət etmiş E.Məmmədovun çənə nahiyyəsində cərrahiyyə əməliyyatı apararkən sonuncunun səhhəti qəflətən pisləşmiş və həyatının xilas edilməsi üçün tibbi yardım göstərilməsinə baxmayaraq, vəfat etmişdir.
E.Məmmədovun ölümünün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə zəruri ekspertizalar təyin edilmişdir. Eyni zamanda Baş Prokurorluq tərəfindən klinikanın tibbi fəaliyyətlə məşğul olmaq üçün verilmiş xüsusi razılığa (lisenziya) uyğun fəaliyyət göstərməsinin, həmçinin əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yoxlanılması ilə əlaqədar Səhiyyə Nazirliyinə müraciət edilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.