Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İzzət/
Bakı polisi avtomobildən külli miqdarda pul oğurlamış şəxsi 6 ay sonra yaxalayıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Rauf Baxşiyev tutulub.
R.Baxşiyev 2013-cü il oktyabrın 7-nə keçən gecə R.Quliyev küçəsində, orada yaşayan Nəsrəddin Əhmədova məxsus "BMW" markalı avtomobilin saxlanc yerindən naməlum şəraitdə 4500 manat və 2000 ABŞ dollar oğurlamaqda təqsirli bilinir.
Hazırda R.Baxşiyev ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir, saxlanılan şəxsin digər oxşar başqa cinayətlərdə əli olub-olmadığı araşdırılır.