Azərbaycan, Bakı, 7 oktyabr /Trend/
Gəncədə və Goranboyda yol-nəqliyyat hadisələri baş verib.
Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəhər sakini, 60 yaşlı Fəxrəddin Novruzov idarə etdiyi "VAZ-21011" markalı avtomobillə Şəddadilər küçəsində yolu keçmək istəyən piyada - 10 yaşlı Gülnur Əsgərovanı vurub. Yaralı dərhal sürücü tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Zərəçəkmişin vəziyyəti normal olduğundan azyaşlı evə buraxılıb.
Gəncədə digər bir piyadavurma nəticəsində Ozan küçəsi, 143 ünvanında qeydiyyatda olan 27 yaşlı Gündüz Abdullayev ağır vəziyyətdə şəhər TTYX-nin reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəyə dərhal tibbi yardım göstərilib.
Goranboy rayonunda da iki nəfərin ağır yaralanması ilə nəticələnən piyadavurma hadisəsi qeydə alınıb. Belə ki, Camal Cəlilovun idarə etdiyi "Mersedes" markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olarkən Dəliməmmədli şəhər sakinləri - 28 yaşlı Rəşad Hüseynovu və 22 yaşlı İltifat İsgəndərovu vurub. Yaralılar dərhal Gəncə şəhər TTYX-yə yerləşdiriliblər.
Digər bir yol qəza hadisəsi isə Bakı-Qazax avtomagistralının Goranboy rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Səyyad Əliyevin idarə etdiyi "Qazel" markalı sərnişin mikroavtobusu yol ayrıcındakı dəmir sədlərə girib. Belə ki, sürücü Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəticədə qəza törədib. Hadisə zamanı "Qazel"in sürücüsü avtomobildə tək olub və qəza zamanı yüngül xəsarətlər alıb.
Hər 4 yol-nəqliyyat hadisəsi ilə bağlı aidiyyəti qurumlarda araşdırmalar aparılır.