...

Zaqatala sakininin əllərinin kəsilməsi ilə bağlı cinayət işi açıldı

Hadisə Materials 30 Noyabr 2015 18:01 (UTC +04:00)
Zaqatala sakininin hər iki əlinin kəsilməsi faktı ilə əlaqədar cinayət işi açılıb.
Zaqatala sakininin əllərinin kəsilməsi ilə bağlı cinayət işi açıldı

Bakı. Trend:

Zaqatala sakininin hər iki əlinin kəsilməsi faktı ilə əlaqədar cinayət işi açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Zaqatala rayon prokurorluğunda aparılmış ilkin araşdırmalarla noyabrın 28-də rayon sakinləri Rəşad Tahirov və Araz Musayevin qabaqcadan əldə olunmuş razılığa əsasən həmyerliləri Vüsal Bəşirovla görüşüb kirayədə yaşadıqları evə apararaq A.Musayevə borcu olduğu üçün onu döyüb əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayaraq həmin ünvana çağırdıqları minik avtomobili ilə şəhərin "Asma körpü" deyilən əraziyə aparmalarına, bundan sonra R.Tahirovun V.Bəşirovun ayaqlarını tutması, A.Musayevin isə özü ilə gətirdiyi balta ilə Vüsalın hər iki əlini bilək nahiyəsindən kəsərək hadisə yerindən qaçmalarına dair kifayət qədər əsaslar müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.1, 120.2.2, 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri aparılıb.

Rayon Polis şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində A.Musayev şübhəli şəxs qismində tutulub.

Cinayətin törədilməsində şübhəli bilinən R.Tahirovun tapılaraq istintaqa cəlb olunması istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti