Bakı. Trend:
Ötən il gömrük orqanları tərəfindən 361 ədəd silah müsadirə olunub.
Trend-in məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin "Xalq qəzeti"ndə dərc olunan məqaləsində deyilir ki, 2015-ci il ərzində Azərbaycanın gömrük orqanları tərəfindən aşkar olunmuş 8632 gömrük qaydaları əleyhinə inzibati xəta faktı üzrə 349 hüquqi şəxs (o cümlədən 211 xarici hüquqi şəxs) və 8291 fiziki şəxs (o cümlədən 4669 xarici) inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 1 615 172 manat cərimə tətbiq olunmaqla, dəyəri 367 048 manat olan mallar müsadirə edilib.
Bundan əlavə, 553 353 ədəd və 115 764 qutu petarda və digər pirotexnika məhsulları, 93 ədəd elektroşoker, 1 ədəd odlu silah, 63 ədəd odlu silah patronu, 1827 ədəd ov silahının sursat və ləvazimatı, 4 ədəd qaz silahı, 99 ədəd pnevmatik silah və 42 551 ədəd pnevmatik silah patronu, 257 ədəd soyuq silah, 63 565 qram partlayıcı maddələr, 897 ədəd televizor, 184 309 manat dəyərində 4887 ədəd məişət texnikası, 1130 ədəd mobil telefon və 1702 ədəd mobil telefonların aksesuarı, 9855 manat dəyərində dərman vasitələri, 3173 manat dəyərində baytarlıq və bitki dərmanları, 42 kq-dan çox kürü, 1246 ədəd parfümeriya və kosmetika ləvazimatı və külli miqdarda digər mallar tutulub.
Məqalədə qeyd olunur ki, hesabat dövründə gömrük orqanları tərəfindən alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatlarının idxalı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısının alınması üçün qəti tədbirlər görülüb, aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 2 311 095 ədəd xaricdə istehsal olunan siqaret, 2332 litr və 1695 ədəd spirtli içki saxlanılıb.