Bakı. Trend:
Paytaxtın hüquq mühafizə orqanlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Xəzər rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü “isti izlər”lə açılıb.
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Trend-ə daxil olan birgə məlumata əsasən, okyabrın 4-də saat 19 radələrində Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş, 1969-cu il təvəllüdlü Zakir Məcidovun yaşadığı qəsəbədəki icarəyə götürdüyü mağazada odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətdən hadisə yerində ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rayon prokurorluğu və polis idarəsi əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
Peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin qəsəbə sakini, 1978-ci il təvəllüdlü Rauf Cəbrayılov tərəfindən törədilməsində kifayət qədər əsaslı şübhələr müəyyən edildiyindən o, tutularaq istintaqa cəlb olunub. R.Cəbrayılov cinayətin aləti olan tüfəngi könüllü olaraq istintaqa təhvil verib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.