Bakı. Trend:
Azərbaycan vətəndaşının ölkə ərazisindən qanunsuz yolla əntiq mallar çıxarmaq cəhdinin qarşısı alınıb.
Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda mədəni-məişət və təsərrüfat malları, eləcə də əntiq əşyaların qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar.
İdarənin "Sınıq Körpü" gömrük postunda Azərbaycandan Gürcüstana gedən "DAF" markalı 99XT556/99ZC556 dövlət qeydiyyat nişanlı yük avtomobilində mal-müşayiət sənədlərində göstərilən çəki ilə faktiki çəki arasında fərq qeydə alınıb. Azərbaycan vətəndaşı Azad Mirzəbəy oğlu Mirseyfullayevin idarə etdiyi həmin avtomobilə baxış zamanı, yük yerindəki yağ qutularının altında əmtəə-nəqliyyat qaiməsində (CMR) və invoysda göstərilməyən müxtəlif ölçülü digər qutular aşkar edilib. Qutulara baxış nəticəsində külli miqdarda mədəni-məişət və təsərrüfat malları, həmçinin 25 ədəd əntiq xalça və 5 ədəd əntiq samovar aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.