Bakı. Trend:
Azərbaycan Fövqaladə Hallar Nazirliyi Ağcabədi rayonunda baş verən hadisə ilə bağlı məlumat yayıb.
Trend-ə FHN-dən verilən məlumata görə, rayonun Boyad kəndində maye qazdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində “ZİL” markalı qazdaşıyan avtomobilin yanar hissələri və ümumi sahəsi 12 m² olan operator otağının dam örtüyü qismən yanıb.
Partlayışın zərbəsindən operator otağının qapısı və şüşələri qırılıb. İlkin məlumata görə, 1 nəfər - 1963-cü il təvəllüdlü Cəfərov Nahid İsa oğlu ölüb, 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Tutumu 10 ton olan yerüstü çən mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.