Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda təqsirləndirilən Mehman Novruzovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmə baxışı noyabrın 1-nə təyin edilib.
İttihama görə, Mehman Novruzov Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin “Yalama” Gömrük postunun böyük inspektoru vəzifəsində çalışan zaman dövlət qeydiyyatından keçməyən 5 milyon 539 min manat məbləğində dərman preparatlarını satış məqsədilə qeyri-qanuni yolla Azərbaycana keçirib.
M.Novruzov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçılıq, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham edilir.