Bakı. Trend:
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən narkotik vasitələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb.
DSX-dən Trend-ə verilən məlumata görə, aprelin 11-də Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucularına qarşı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılıb, lakin sərhəd pozucuları əllərindəki əşyaları əraziyə ataraq geriyə qaçıblar.
Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib, 1 ədəd bel çantası və 1 ədəd torbada ümumi çəkisi 15 kq 815 qr olan narkotik vasitə və 1 ədəd Kanada istehsalı olan gecəgörmə cihazı aşkar olunaraq götürülüb.
Qeyd olunan fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.