...

Gəncədə 2 əl qumbarası və partladıcı aşkar olunub (FOTO)

Hadisə Materials 11 Aprel 2020 18:26 (UTC +04:00)
Gəncədə 2 əl qumbarası və partladıcı aşkar olunub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhəri, N.Nərimanov küçəsi 1-ci döngə, ev 5, mənzil 21-in zirzəmisində 3 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Trend-ə verilən xəbərə görə, məlumatın gecə saatlarında daxil olmasını və ərazinin zirzəmi olmasını təhlükəsizlik baxımından nəzərə alaraq, ərazi Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mühasirə alınıb, əməliyyat-axtarış tədbirləri növbəti gün davam etdirilib.

2020-ci il 11 aprel tarixində Agentliyin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının Gəncə Regional Bölməsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd F-1 əl qumbarası və 2 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbaralarının və partladıcıların ətrafında 80 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar - 11 aprel 2020-ci il tarixlərində 87 siqnal (əməliyyat çağırışı) əsasında 78 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Beyləqan, Daşkəsən, Füzuli, Gədəbəy, Göygöl, Xızı, Qazax, Qaradağ, Sabirabad, Salyan, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbiristanlığa, çay sahilinə baxış keçirilib, 201 ədəd partlamamış hərbi sursat (PHS), 5 ədəd piyada əleyhinə mina, 15 ədəd tank əleyhinə mina və 5 674 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilib, 40 965 kv.m ərazi yerüstü və 4 941 kv.m ərazi yeraltı yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti