...

Bakıda yataqxanada elektrik cərəyanı vuran uşağın istintaqı yekunlaşıb

Hadisə Materials 9 Sentyabr 2020 17:42 (UTC +04:00)
Bakıda yataqxanada elektrik cərəyanı vuran uşağın istintaqı yekunlaşıb

Bakı. Samir Əli - Trend:

22 mart 2019-cu il tarixdə paytaxtın Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən yataqxanada yaşayan 2013-cü il təvəllüdlü Amin Əliyevin yaşadığı binanın girişində quraşdırılmış elektrik naqillərinə toxunması nəticəsində yanıq xəsarətləri alması faktı üzrə Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə Yasamal rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılmışdır.

Yasamal rayon prokurorluğundan Trend-ə bildirilib ki, istintaqla 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Yasamal rayonu 138 nömrəli mənzil komunal-istismar sahəsinin mühəndisi Ağalar İbrahimovun həmin müəssisənin balansında olan Yasamal rayonu, Z.Xəlilov küçəsi 14 ünvanında yerləşən yataqxananın 1-ci girişində yerləşən alçaq gərginlikli elektrik naqillərinin birləşdiyi yardımçı otağın açıq vəziyyətdə olmasını müəyyən edərək həmin yerin qapı və ya digər hər hansı vasitə ilə bağlanmasını və bununla da təhlükəsiz istismarını təmin etməli olduğu halda bunu etməyərək, işə vicdansız və laqeyd münasibət göstərərək xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində Amin Əliyevin ehtiyatsızlıqdan həmin naqillərə toxunaraq yanıq xəsarətləri almasına əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti