Bakı. Trend:
Dövlət sərhədlərinin mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Trend xəbər verir ki, yanvar ayının 2-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Arus kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş mühafizəsinin təmin edilməsi üzrə keçirilmiş kompleks qoşun və əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə 1 ədəd sahibsiz bağlama aşkarlanmışdır.
Bağlamaya baxış zamanı təxmini çəkisi 1 kiloqram 400 qram narkotik vasitə - “heroin”ə oxşar maddə aşkar edilərək götürülmüşdür.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.