...

Həbsdə olan sabiq icra başçısı koronavirusa yoluxdu

Hadisə Materials 14 Sentyabr 2021 17:32 (UTC +04:00)
Həbsdə olan sabiq icra başçısı koronavirusa yoluxdu

Bakı. Samir Əli - Trend:

Biləsuvar rayonunun həbsdə olan sabiq icra başçısı Mahir Quliyev koronavirusa yoluxub.

Bu barədə Trend-ə təqsirləndirilən şəxsin vəkili məlumat verib. O bildirib ki, M.Quliyevin vəziyyəti Astara müvəqqəti saxlama təcridxanasında ağırlaşdığından Gömrük Hospitalına köçürülüb. Hazırda vəziyyəti stabil ağırdır. M.Quliyev süni nəfəs aparatına qoşulub.

Qeyd edək ki, Mahir Quliyev ötən il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin birinci müavini Xanlar Məmmədov vasitəsilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsəməsi, habelə icra hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq hissəsinin ona verilməsini tapşırmasına dair əsaslı şübhələr müəyyən olunub.

Bundan başqa, Mahir Quliyevin köməkçisi Pöhran Şahbazov və tabeçiliyində olan başqa vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında özünün pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, dövlət qayğısı ilə əhatə olunan işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Mahir Quliyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Eyni zamanda, Mahir Quliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyinə, vətəndaşlardan müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə təkrarən rüşvət tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində, Mahir Quliyevin xidməti otağında növbəti dəfə rüşvət almasından sonra məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı həmin pul vəsaitləri, aparılan araşdırmalarla bağlı iş üzrə əhəmiyyət kəsb edən müxtəlif sənədlər və digər maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq orqanı tərəfindən Mahir Quliyevin barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Onun barəsində ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti