Bakı. Samir Əli - Trend:
Nərimanov rayonunda 8 avtomobildən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı müxtəlif vaxtlarda rayon ərazisində avtomobillərin şüşələrini qıraraq salonlardan oğurluq edən şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsuinin 177.2.2 (Oğurluq, təkrar törədildikdə) və 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə məhkum olunmuş Nurlan Hüseynov saxlanılaraq istintaqa təqdim edilib. Araşdırma zamanı onun Nərimanov rayonu ərazisində müxtəlif markalı 8 avtomobilin salonundan maqnitafonlar, pul və digər əşyalar oğurlayaraq dəyər-dəyməzinə satdığı məlum olub.
Qeyd edək ki, Nurlan Hüseynov oğurluğa gedən zaman həmin ərazilərdə quraşdırılan müşahidə kameraları vasitəsi ilə də görüntülənib. Bu isə onun qeyd edilən hadisələri törətdiyini bir daha sübüt edir.
Nurlan Hüseynov barəsində 17-ci Polis Şöbəsində toplanan materiallar arşadırılması üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təqdim edilib. Saxlanılan şəxsin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə, digər ərazi polis orqanlarına, habelə Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.