...

Ağdamda erməni atəşi nəticəsində "Bakcell"in əməkdaşı yaralanıb - Rəsmi

Hadisə Materials 30 Dekabr 2021 09:18 (UTC +04:00)
Ağdamda erməni atəşi nəticəsində "Bakcell"in əməkdaşı yaralanıb - Rəsmi

Bakı. Samir Əli - Trend:

Dekabrın 29-u saat 16 radələrində, Ağdam rayonunun işğaldan azad edilmiş "Yeddi xırman" adlanan ərazisində 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlunun odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, ilkin araşdırmalarla “Bakcell MMC”nin əməkdaşı Anar Rəhimlinin qeyd edilən ərazidə xidməti vəzifələrini icra edərkən erməni silahlı qüvvəlləri tərəfindən atəşə tutulması nəticəsində xəsarət alması müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 29, 120.2.11(quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 228.3-cü (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti