...

10 yaşlı Nərminin qətli ilə bağlı video məhkəmədə ziddiyyət yaratdı

Hadisə Materials 10 Mart 2022 13:35 (UTC +04:00)
10 yaşlı Nərminin qətli ilə bağlı video məhkəmədə ziddiyyət yaratdı

Bakı. Samir Əli - Trend:

Gəncə Ağır Cinayətlər Məhkəməsində 2 il əvvəl Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə qətlə yetirilən Nərminin əmisi arvadı Nailə Quliyeva ifadəsini davam etdirib.

Şahid bildirib ki, Nərmin itkin düşdüyü gün onlara gəlib, əri Arifin gödəkçəsini gətirib. O, hətta həmin gün uşağın əynində olduğu iddia edilən geyimləri (gödəkçə, idman ayaqqabısı, papaq və s.) rəngini deyib:

“Bir gün əvvəl mənim qızımın toyu olmuşdu. Onda yoldaşım qardaşına öz gödəkçəsini vermişdi ki, toyda geyinsin, əynində köhnə paltar olmasın. Noyabrın 21-də saat 14.30 olardı, Nərmin həmin gödəkçəni gətirib verdi. Çıxıb üzbəüzdəki qaynımgilə getdi ki, oradan da atasının gödəkçəsini götürüb getsin”.

İlkin Süleymanovun vəkillərinin vəsatəti əsasında Nailə Quliyevanın istintaqdakı ifadələri elan edilib. Həmin ifadələrdə isə o bildirib ki, qızının toyunun ertəsi gün başı tör-töküntünü yığışdırmağa qarışdığına görə həmin gün Nərmin gətirib gödəkçəni verəndə onu görməyib.

Vəkillər bildirib ki, şahid ya istintaqda, ya da məhkəmədə yalan ifadə verib. Ondan ifadələri arasındakı ziddyyətlərin səbəbini soruşublar:

- Məqsədiniz nədir ki, ya istintaqda, ya da məhkəmədə yalan danışmısınız?”

- Mənim heç bir məqsədim yoxdur. Məqsədim yalnız Nərminin qatilinin tapılmasıdır.

- Nərminin qatilinin tapılması üçün ilk növbədə sizlər – onun öz qohumları yalan danışmamalısınız.

Dindirmənin əvvəlində istintaqdakı ifadəsini oxuyub imzaladığını deyən şahid sonradan bu ziddiyyətlər ortaya çıxanda bildirib ki, həmin ifadəni müstəntiq yazıb, onu oxumadan imzalayıb.

Şahid məhkəmədə dindirilərkən o da məlum olub ki, hələ ibtidai istintaq getdiyi dövrdə cinayət işinə aid materiallar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yayılıb.

“Müharibə başlamamışdan (2020-ci ilin sentyabrında 44 günlük müharibəni nəzərdə tutur-red.) təxminən 10-15 gün əvvəl 4 maşında çoxlu adam gəlmişdi. Onda MTN işçiləri mənə və yoldaşıma İlkinin telefonundan çıxan videonu göstərdi. O vaxta qədər məndə İlkinin bu işi görməsilə bağlı tərəddüd vardı. Amma o videonu görəndən sonra əminlik yarandı. Meyit yanırsa, onu niyə telefonla çəkirdi?”, - şahid deyib.

O, əlavə edib ki, Bakıdan gəlib onları sorğu-sual edib, videonu da göstərənlər mülki formada olublar.

Vəkillər bildirib ki, bu, çox ciddi qanun pozuntusudur və araşdırma aparılıb hüquqi qiymət verilməlidir: “Bizə istintaq sirrini yaymamaq barədə iltizama qol çəkdirirlər, istintaqın sonuna qədər sübutlarla tanış ola bilmirik. Amma özləri yayırlar. O videoda nə var ki?! Adam hüquqşünasdır, meyitin yandığını görüb və başa düşürdü ki, bu çəkiliş istintaqa lazım ola bilər, izlər itməsin. Heç bilməyib ki, meyit kimə məxsusdur”.

Vəkillər vurğulayıb ki, həmin vaxt orada İlkin Süleymanov tək olmayıb, bu, videodakı səslərdən də aydın olur.

Şahid Nailə Quliyeva bildirib ki, yaxınları meyiti yumayıb: “Baldızlarım getmişdi, onlar dedilər ki, morqdan meyit hazır vəziyyətdə göndərilmişdi”.

Məhkəmə prosesi martın 16-da davam edəcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti