Bakı. Trend:
Bəzi media səhifələrində etibardan sui- istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdə təqsirləndirilən Xətai RPİ-nin Cinayət-axtarış şöbəsinin sabiq kiçik əməliyyat müvəkkili Həşimli Elvin Elçin oğluna Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət verilməsi ilə bağlı informasiyalar yayılmışdır.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Elvin Həşimlinin tanışı Möhkəm Səmədova birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olub gəlir əldə etmək adı ilə sonuncunun 2 milyon 59 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunduğundan Xətai rayon prokurorluğunda Elvin Həşimlinin Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Həmin məhkəmənin 13.07.2022-ci il tarixli hökmü ilə Elvin Həşimliyə bəraət verilmişdir.
21.07.2022-ci il tarixdə dövlət ittihamçısı tərəfindən qeyd edilən hökmdən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, eləcə də cinayət qanunu normasının düzgün tətbiq edilməməsi əsasları ilə apellyasiya protesti verilmişdir.