Bakı. Trend:
“Azərpoçt” MMC-nin Yevlax Regional Filialının əməkdaşı tərəfindən MMC-ə məxsus pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Yevlax rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd edilən filialda sürücü-inkassator işləyən Tural Məmmədovun MMC-dən iltizamnamə əsasında lotereya biletləri götürüb satmaqla əldə etdiyi 9 min 400 manat məbləğində pul vəsaitini cəmiyyətə ödəməyərək mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (mənimsəmə və ya israf etmə-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmaqla Tural Məmmədov şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq davam edir.