Bakı. Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Nizami rayonunda ana və iki azyaşlı övladını qətlə yetirməkdə ittiham olunan Əhəd Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edilib.
Daha sonra təqsirləndirilən şəxs ifadə verib. O elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü qətl baş verən evə pul məsələsi ilə bağlı gedib, amma qətli o törətməyib və qətlin kim tərəfindən törədildiyini bilmir.
Növbəti proses sentyabrın 29-da davam edəcək.
İttihama görə, bu ilin fevralın 20-də Nizami rayonu ərazisində kirayədə yaşadıqları evdə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladı qəsdən öldürülüb.
Aparılmış istintaqla, zərərçəkmişlərin qohumu 1981-ci il il təvəllüdlü Əhəd Əliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla Gülnar Qaraxanova və iki azyaşlı övladına xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Əhəd Əliyev Cinayət Məcəlləsinin 120.2.4, (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 120.2.7, (iki və ya daha çox şəxsi öldürmə) 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Əhəd Əliyev qətlə yetirilən Gülnar Qaraxanovanın
bacısının əri olub.
Qətlə yetirilən Gülnar Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev
cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı
pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar
edilərək götürülüb.
Əhəd Əliyev 2007-2014-cü illərdə Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru vəzifəsində çalışıb.