Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Siyəzən rayonu, Qalaşıxı kəndi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, daxil olan məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu dərhal hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd döyüş başlıqlı 73mm-lik top mərmisi olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Bundan əlavə, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında Bakı şəhərinin Xətai rayonu ərazisində aşkar edilən 1 ədəd “UZRQM-2” tipli əl qumbarası başlığı Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnik işləri üzrə mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.