...

Xidməti vəzifəsini yerinə yetirərkən xəsarət alan FHN əməkdaşının vəziyyəti açıqlandı (FOTO/VİDEO) (YENİLƏNİB)

Hadisə Materials 21 Fevral 2026 16:40 (UTC +04:00)
Xidməti vəzifəsini yerinə yetirərkən xəsarət alan FHN əməkdaşının vəziyyəti açıqlandı (FOTO/VİDEO) (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Xidməti vəzifəsini yerinə yetirərkən hərəkətdə olan avtomobilin vurması nəticəsində xəsarət alan Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Elşən Tağıyev müalicə üçün evə buraxılıb.

Bu barədə Trend-ə Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, 21.02.2026-cı il tarixdə 07:10 radələrində Ələt-Astara magistralında baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

1989-cu il təvəllüdlü şəxsə sağ yuxarı və aşağı ətrafların səthi travması diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, hadisə zamanı digər FHN əməkdaşı Hakim Piriyev hadisə yerində ölüb.

xxx
10:12

Ələt-Astara magistralında yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Trend-in məlumatına görə, hadisə saat 06 radələrində baş verib.

Salyan rayonu ərazisində yanan avtomobili söndürmək üçün köməyə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 əməkdaşını yük maşını vurub. Nəticədə Neftçala rayonunun Şorkənd kənd sakini, 1983-cü il təvəllüdlü Hakim Şahlar oğlu Piriyev hadisə yerində ölüb.

Digər FHN əməkdaşı, Salyan rayonunun Xocalı kənd sakini, 1989-cu il təvəllüdlü Elşən İnsanağa oğlu Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. E.Tağıyevin həyati təhlükəsi yoxdur.

Faktla bağlı araşdırma aparılır.



Fotoda: Hakim Piriyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti