Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılovun Sabunçu rayonu Nardaran qəsəbəsindəki bağ evinə noyabrın 23-də səhər saat 9.00 radələrində basqın olub. Bu barədə Trend ə partiyanın mətbuat xidmətinin rəhbəri Elxan Şükürlü məlumat verib.
O bildirib ki, səhər saatlarında İlys İsmayılovun sürücüsü və evin gözətçisi Habil Musayev həyətdə 2 nəfər naməlum şəxsin hücumuna məruz qalıb. Üzlərində qara maska olan həmin şəxslər evin qarşısında Habil Musayevə hücum edərək onun başına bir neçə zərbə endiriblər. H.Musayev köməyə adam çağırıb, onun səsinə qonşu qadın bayıra çıxdıqdan sonra basqınçılar həyətdən qaçıblar. H.Musayevin bildirdiyinə görə onlar yaxınlıqda gözləyən maşınlarına minib uzaqlaşıblar.
H.Musayev zərbələrdən ciddi xəsarət alıb və 3 saylı Sabunsu rayon xəstəxanasına yerləşdirilib. Özünün dediyinə görə maskalı şəxslər onu vurarkən əllərində qara dəyənək olub.
Hadisə ilə bağlı Sabunçu rayon poils idarəsinə, Bakı şəhər Baş Polis İdarəsinə, Daxili İşlər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə müraciət olunub. Elxan Şükürlünün bildirdiyinə görə, hazırda istisntaq-əməliyyat qrupu yaradılıb və araşdırma aparılır. "Bu qəsdin motivi bizə bəlli deyil. Bu ya oğurluq məqsədilə, ya da İlyas İsmayılovun siyasi fəaliyyəti ilə bağlı ola bilər. Ədalət Partiyasında ilkin qənaət budur ki, bu hadisə İlyas İsmayılova qarşı təxribatdır. 1992-ci ildə onun bağı yandırılmışdı və indiyədək də bu cinayətin üstü açılmayıb. 1998-ci ildə noyabr mitinqləri ərəfəsində isə İlyas İsmayılovun özünə hücum edilmişdi. Bu, artıq növbəti basqındır"-deyə E.Şükürlü qeyd edib.
O əlavə edib ki, İlyas İsmayılov hazırda Bakıda deyil. O, bir aya yaxındır ki, Almaniyada səfərdədir.