...

Naxçıvan MR-in Şahbuz rayonunda təbii fəlakət zamanı itkin düşmüş sakinin cəsədi tapılıb

Hadisə Materials 29 May 2007 11:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda baş vermiş təbii fəlakət nəticəsində itkin düşmüş kənd sakinlərindən birinin cəsədi tapılıb. Trend in Naxçıvan üzrə xüsusi müxbiri xəbər verir ki, Şahbuz rayonunun Yuxarı Qışlaq kəndinin sakini Ərrəhman Xudanov və onun oğlu Rəşadət Xudanov selə düşərək itiblər. Axtarış tədbirləri nəticəsində Ərrəhman Xudanovun cəsədi Qarababa kəndi yaxınlığında "Şamlar" adlanan ərazidə çaydan tapılıb. Rəşadət Xudanovun tapılması üçün axtarışlar davam etdirilir.

Xatırladaq ki, ötən həftənin sonu Şahbuzda yağan güclü leysan yağışı nəticəsində rayonun Keçili, Biçənək, Aşağı və Yuxarı Qışlaq kəndlərində təbii fəlakət baş verib. Leysan zamanı dağ yamacındakı iri qaya və sal daş parçaları sürüşərək yolları tutub, iki kilometr yolu lil basıb, kəndlərlə əlaqələr kəsilib. Güclü sel kəndin əksər hissəsinə ciddi ziyan vurub, bir sıra evlərin divarları çatlayıb, həyətlərin hasarları uçub, həyətyanı əkin sahələri sel sularının altında qalıb. Bir sıra vətəndaşların mal-qarasına ziyan dəyib, kəndin qaz, elektrik, telefon xətləri kəsilib.

Təbii fəlakət baş verəndən dərhal sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov hadisə yerinə gələrək selin yaratdığı problemlərlə yerində tanış olub. Ali Məclisin sədri təbii fəlakətin vurduğu zərərin tezliklə aradan qaldırılması üçün bir sıra təşkilatların rəhbərlərinə tapşırıqlar verib.

Muxtar respublikanın ayrı-ayrı təşkilatları, Fövqəlada Hallar Nazirliyinin, polis orqanlarının şəxsi heyətlərinin köməyi ilə ziyanın aradan qaldırılması istiqamətində tədbirlər görülməsinə başlanılıb. Gecə saatlarında hadisə yerinə gətirilmiş texnikanın gücü ilə yollar iri sal daş parçalarından təmizlənib, nəqliyyatın gediş-gəlişi bərpa edilib.

Muxtar Respublikanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Keçili kəndində baş vermiş təbii fəlakət nəticəsində kənd çayının üzərində salınmış üç körpü dağılıb, kəndə çəkilən içməli su xətlərinə ciddi ziyan dəyib, evlərə çəkilən 4 min 700 metr rezin boru, 500 metr dəmir boru sel suları nəticəsində sıradan çıxıb. 20 ədəd elektrik, 16 ədəd telefon xəttinin dirəyi aşıb. İki kilometr uzunluğunda kənd yolu yararsız vəziyyətə düşüb, yarğanlar əmələ gəlib. Sel suları kənddə mal-qaranı, arı ailələrini aparıb. Kənd sakinlərinə dəyən ziyan müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti