Azərbaycan, Salyan / Trend müxbir E.Məmmədov/ Neftçalada 9 yaşlı uşaq quduzluqdan vəfat edib. Trend in bölgə müxbirinin sözlərinə görə, rayonun Surra kənd sakini Məhəmməd Məmməd oğlu Bağırov ayağını naməlum heyvan balasının dişləməsi nəticəsində ölüb.
Neftçala Gigiyena və Epidemiologiya Mərkəzinin baş həkimi Qurban Bayramov bildirib ki, baş verən hadisə ilə bağlı vaxtında xəstəxanaya müraciət olunsaydı, faciənin qarşısını almaq olardı. Neftçala Baytarlıq İdarəsinin sədri Əbülfəz Məmmədov isə uşağı hansı heyvanın dişləməsini müəyyən edilmədiyini bildirib. Məmmədov buna baxmayaraq kənddə sahibsiz itlərin öldürülməsinə başlanıldığını, 100-ə yaxın ev itinin isə quduzluğa qarşı peyvənd edildiyini deyib.
Bağırovun ayağından naməlum heyvanın dişləməsi mayda baş verib. Hadisə əkin sahəsində baş verib. Anasi ilə əkin sahəsində suyu açmağa gedən Bağırov daha sonra anasından ayrı qalıb. Anası uşağın qışqırığına geri qayıdıb. Uşaq onu itə oxşar heyvanın dişlədiyini bildirib. Hadisənin ciddiliyinə varmayan valideynlər xəstəxanaya müraciət etməyiblər. Bir neçə gün öncə isə uşağın vəziyyəti qəflətən pisləşib. Onu Salyan rayon Mərkəzi Xəstəxanasına və daha sonra Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına gətirsələr də, həyatını xilas etmək mümkün olmayıb.
Neftçala paytaxt Bakıdan 180 kilometr cənub-şərqdə yerləşir.