...

"Neapol" istirahət mərkəzinin qalıqları altında qalan ikinci fəhlənin cəsədi çıxarılıb

Hadisə Materials 16 Avqust 2007 11:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / "Neapol" istirahət mərkəzinə daxil olan yeni tikilən binanın ikinci mərtəbəsinin uçması nəticəsində dağıntılar altında qalaraq vəfat edən Rauf Abdullayevin meyti avqustun 16-da gecə saat 2.00 radələrində tikintinin qalıqları altından çıxarılıb. Bu barədə Abdullayevin yaxınları məlumat verib.

Meyit daha sonra Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Ölümün səbəblərini müəyyənləşdirmək üçün ekspertiza keçirilib. Abdullayevin meyti ekspertizadan sonra yaxınlarına qaytarılıb və gecə saat 5.00 radələrində dəfn olunub. Tibbi ekspertizanın ilkin rəyinə əsasən, Abdullayev yeni tikilinin uçması nəticəsində aldığı bədən xəsarətlərindən vəfat edib.

"Rauf Abdullayev qalınlığı bir metrdən artıq olan betonun altında qalmışdı" - deyə Abdullayevin yaxınları bildirib.

Sumqayıt şəhərinin Saray qəsəbəsinin sakini olan 43 yaşlı Abdullayev iki uşaq atası idi.

Avqustun 14-də "Neapol" istirahət mərkəzinə daxil olan yeni tikilən binanın uçması nəticəsində iki nəfər - 1962-ci il təvəllüdlü, Zəngilan rayonundan məcburi köçkün, tikintidə briqadir işləyən Rafiq Məmmədov və Sumqayıtdan olan 43 yaşlı fəhlə Rauf Abdullayev həlak olublar. Bir nəfəri - Rasim Məmmədovu isə dağıntılar altından sağ çıxartmaq mümkün olub. Məmmədov yüngül bədən xəsəratləri alıb və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222-ci maddəsi ilə cinayət işi qaldırılıb. Tikintidə iş icraçısı işləyən Alıyev Şamil Mahmud oğlu şübhəli şəxs qismində həbs olunub.

Xəbər lenti

Xəbər lenti