...

Bakıda baş vermiş bina uçqunu ilə bağlı dörd nəfər şübhəli şəxs qismində saxlanılıb

Hadisə Materials 29 Avqust 2007 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Bakıda baş vermiş bina uçqunu ilə bağlı dörd nəfər şübhəli şəxs qismində saxlanılıb. Fövqəladə hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun hadisə ilə bağlı birgə yaydığı məlumatda bildirilir ki, tikintini Aparan "Mütəfəkkir" Şirkətinin baş direktoru Əli Muradov, mühəndisi Əsgər Əliyev, iş icraçıları Fərhad Həsənov və Qədir Səlimov tikintiyə cəlb edilən fəhlələrin sağlam və təhlükəsiz əmək şəraitini təmin etməli olduqları halda, onlarla əmək müqavilələri bağlamayıblar. Adıçəkilən şəxslər tərəfindən tikintiyə aid qüvvədə olan norma və qaydalar da kobud şəkildə pozulub, betonlama işləri aparılarkən müvafiq texnologiyalardan istifadə edilməyib. Bu şəxslər CM-nin 222.2 (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) və 222-1-ci (Tikinti qaydalarını pozma) maddələri ilə şübhəli şəxs qismində saxlanılıblar.

Binanın uçması nəticəsində uçqun altında qalan beş nəfər fəhlə ölüb dörd nəfər isə muxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaxınlıqda olan binalara və vətəndaşlara ziyan dəyib.

İlkin istintaq zamanı müəyyən olunub ki, Murtuza Muxtarov küçəsi, 185 saylı ünvanda Bakı şəhər İcra Hakimiyyəti başçısının 30 noyabr 1994-cü il tarixli 1673 saylı sərəncamı ilə Azərbaycan Sənaye İnvestisiya və Səhmdar Kommersiya Bankına, "Mütəfəkkir" kooperativinə yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsi həmin məqsəd üçün "Mütəfəkkir" müəssisəsinin adına rəsmiləşdirilib. Həmin sərəncamın yalnız tikintinin layihələşdirilməsinə əsas verdiyinə baxmayaraq, şəhər İcra hakimiyyətinin Dövlət Memarlıq-Tikinti Nəzarət Müfəttişliyindən müvafiq icazə almadan, tikinti obyektinin işçi lahiyə sənədləri aidiyyatı orqanlarla razılaşdırılmadan Muradov qanunun tələblərini kobud şəkildə pozaraq 2002-ci ildən özbaşına binanın inşasına başlayıb. Tikinti işləri aparılarkən təhlükəsizlik qaydaları təmin olunmayıb.

Xəbər lenti

Xəbər lenti