Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir M.Salmanov/
ABŞ İranın ərəb neftinin tədarükü baxımından strateji əhəmiyyətli Hörmüz boğazını bağlayacağı təqdirdə, oraya xüsusi öyrədilmiş delfinləri göndərə bilər. Bu barədə Trend çərşənbə axşamı Rusiya mətbuatına istinadən məlumat verir.
"Delfinləri göndərməkdə məqsəd Hörmüz boğazının mühasirəsini aradan qaldırmaqdır", - ABŞ-ın istefada olan admiralı Tim Kitinq deyib. Bununla belə o, məsələnin təfərrüatlarını açıqlamayıb.
Müxtəlif məlumatlara görə, ABŞ ordusunda delfinlərin xidmətindən son 50 ildə istifadə edilir. Onlar bu müddət ərzində faydalı olduqlarını göstəriblər. Belə ki, delfinlər sualtı minaları asanlıqla tapır, eləcə də kəşfiyyat işləri görür, düşmən obyektlərini izləyirlər. Ehtiyac yaranarsa, delfinlər diversantlara hücum edərək onları məhv edə bilərlər.