...

Pendir almaq üçün 1714 dəfə səfər edən rekordçu

Maraqlı Materials 7 İyul 2012 12:55 (UTC +04:00)
Dünya ölkələrinin 70/100-də olan, ümumi olaraq 24 milyon kilometr məsafə qət edən və "Konkord" təyyarələrində 718 dəfə uçan ingilis Fred Fin ''dünyanın ən çox səyahət edən adamı'' titulunu qoruyub saxlayır.
Pendir almaq üçün 1714 dəfə səfər edən rekordçu

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir X.Murtuzayeva/

Dünya ölkələrinin 70/100-də olan, ümumi olaraq 24 milyon kilometr məsafə qət edən və "Konkord" təyyarələrində 718 dəfə uçan ingilis Fred Fin ''dünyanın ən çox səyahət edən adamı'' titulunu qoruyub saxlayır. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

İngiltərə qəzetlərinin məlumatına görə, 70 yaşlı Fin 196 ölkədən 139-na səfər edib. O, ilk dəfə səyahətə Hempşir hava limanından Nyu-Yorka birbaşa uçuşla başlayıb.

Qeyd edək ki, Fin 52 ildir səyahət edir. Bu müddət ərzində o, 24 milyon kilometr yol qət edib ki, bu da Aya 31 dəfə gedib-gəlməyə kifayət edərdi. Yorulmaz səyyah təyyarə və qatarla etdiyi hər səfər barədə ayrıca ətraflı qeydlər aparır və öz dəftərini onu mənzilbaşına çatdıran bütün sürücü, maşinist və ya pilota imzalatdırır.

Fin həm də istismardan çıxarılan "Konkord" sərnişin təyyarələri ilə ən çox səfər edən insan kimi rekordunu əlində saxlayır.

O, səyahətlərinə davam etməkdə qərarlıdır və Ayı da ziyarət etməyi planlaşdırır. Onun sözlərinə görə, əvvəllər səfərlərinə başladığı "Pan American" şirkəti ilə Aya səyahət etmək üçün müqavilə imzalayıb. Ancaq bu şirkətin iflasa uğraması və ləğv edilməsindən sonra hələ də bu səfər üçün fürsətin yaranmasını gözləyir.

Fin beynəlxalq lisenziya idarəsinin direktoru vəzifəsindən pensiyaya çıxıb və 35 yaşlı arvadı Alla ilə Ukraynanın Komsomolsk kəndində yaşayır. O, çox səyahət etməsinin səbəbini işi ilə əlaqələndirir və bir qayda olaraq, Cənubi Afrika, Braziliya, Argentina, Çili, Yaponiya, Honq Konq, Dubay və Nigeriyaya səfər etdiyini, Nyu-Yorka həftədə iki dəfə gedib-gəldiyini bildirir.

Yeri gəlmişkən, Fin 1983-cü ildə 11,2 milyon kilometr məsafə qət etdiyinə görə ''Dünyanın ən çox səyahət edən adamı" kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb. O, indiyədək bu məsafəni iki dəfə artırıb və Ukraynadan doğulub böyüdüyü İngiltərənin Devon şəhərinə çox sevdiyi cedar pendirindən almaq üçün 1714 dəfə səfər edib.

Xəbər lenti

Xəbər lenti