...

Dünyanın ən gözəl 10 binası (FOTO)

Maraqlı Materials 19 İyul 2012 15:11 (UTC +04:00)
Dünyanın ən çox satılan bələdçilərindən "Lonely Planet" Yer kürəsində mövcud olan on ən gözəl binanı seçib.
Dünyanın ən gözəl 10 binası (FOTO)

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Dünyanın ən çox satılan bələdçilərindən "Lonely Planet" Yer kürəsində mövcud olan on ən gözəl binanı seçib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hürriyət" qəzeti xəbər verir.

1. Guggenheym Muzeyi, İspanya.

Muzey Bilbaoda 15 il əvvəl açılıb. Yüz metrlərlə titan örtüklü lent şəklində uzanan bina müasir dövrümüzün ən orijinal əsəri hesab edilir.

2. Potala Sarayı, Tibet.

Llasada 1300 il əvvəl 7 min işçinin inşa etdiyi 13 mərtəbəli "QışEv" minlərlə otaqdan ibarətdir. Bina bu gün muzeydir və YUNESKO-nun Dünya İrsi siyahısında ilk yerlərdən birini tutur.

3. İsgəndəriyyə Kitabxanası, Misir.

Dünyanın 7 möcüzəsindən biri sayılan və 2300 il əvvəl tikilən İsgəndəriyyə Kitabxanası əsasında yaradılan yeni kitabxana. Burada hazırda 8 milyon kitab saxlanılır. 10 il əvvəl açılarkən "Mileniumun ilk böyük əsəri" kimi qəbul edilmişdi.

4. Saqrada Familia, İspaniya.

Tarixin ən qeyri-adi memarı olan Antonio Qaudinin Barselonaya hədiyyəsi olan görkəmli qotik kilsənin tikintisi hələ başa çatmayıb. 2026-cı ildə, Qaudinin ölümünün yüzüncü ilində tikintisi tamamlanması planlaşdırılan kilsə xristianlığın ən yüksək məbədi olacaq.

5. Tac Mahal, Hindistan.

Bu bina şübhəsiz ki, dünyanın ən məşhur, həm də ən romantik tikililərindəndir. Şah Cahanın 14-cü övladını dünyaya gətirərkən ölən ikinci arvadı Mümtaz Mahalın xatirəsinə ağ mərmərdən tikdirdiyi bu bina hind şair Taqor tərəfindən "Sonsuzluğa qarşı tökülmüş gözyaşı" adlandırılıb.

6. İmam Rza məscidi, İran.

İsfahanda 17-ci əsrdə inşa edilən məscid dünyada özünün işığa görə rəngi dəyişən solğun mavi-sarı çiniləri və 54 metrlik qübbəsi ilə dünyanın ən məşhur məscidləri arasındadır.

7. Krak des Cevalier, Suriya.

Humus yaxınlarındakı səlib yürüşləri əsnasında inşa edilmiş bu ağ qala orta əsrlərin ən gözəl qalalarından biri olaraq YUNESKO-nun Dünya İrsi siyahısına daxil olub.

8. Oskar Niemeyer Muzeyi, Braziliya.

Braziliya paytaxtının memarı olaraq xatırlanan Oskar Niemeyerin Curitiba şəhərində inşa etdiyi muzey bütün qeyri-adi sənət əsərləri kimi ya çox sevilir, ya da nifrət edilir. Amma kimsə bu göz şəklindəki fərqli quruluşa laqeyd qala bilmir.

9. Qış Sarayı, Rusiya.

Rusiyanın Sankt-Peterburq şəhərindəki Qış Sarayını İkinci Yekaterina tikdirib. İndiki vaxtda dünyanın ən göz oxşayan kolleksiyalarına ev sahibliyi edən Ermitaj Muzeyi də bu binalar kompleksində yerləşir.

10. Aya Sofiya, Türkiyə.

6-cı əsrdə qısa müddət ərzində - cəmi 5 ilə tikilən 56 metr hündürlükdə və 31 metr enində bənzərsiz qübbəyə malik bu nəhəng bina Bizans İmperiyası dövründə kilsə, Osmanlı zamanında isə məscid kimi istifadə edilib. 1932-ci ildən bəri Aya Sofiya muzey kimi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti