Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir X.Murtuzayeva/
DNK analizi 30 il əvvəl amansız qətl törətməkdə ittiham olunaraq 99 il həbs cəzasına məhkum edilmiş ABŞ-ın Texas ştatının sakini Randolf Arlicin əslində günahsız olduğunu sübut edib. Belə ki, analizin nəticələri qətli əslində başqa şübhəlinin həyata keçirdiyini göstərib. Bu barədə Trend xarici KİV-ə istinadən məlumat verir.
Arlic bazar ertəsi Korsikana şəhər məhkəməsinin qərarı ilə dəmir barmaqlıqlar arxasından azadlığa buraxılıb. Bu yaxınlarda 58 yaşı tamam olan bu şəxs 1984-cü ildə Kerolayn Armstronq adlı qadını 40 bıçaq zərbəsi ilə qətlə yetirməkdə ittiham olunub.
Hadisədən, demək olar, 30 il keçdikdən sonra müstəntiqlər Arlicin qadının ölümündə əli olmadığını aydınlaşdırıblar. İttiham tərəfinin bununla razılaşmaqdan başqa yolu qalmayıb. Çünki qətlə yetirilən qadının avtomobilində tapılan baş tükü digər şübhəlinin saçı ilə son dərəcə uyğun gəlib. Bunun sayəsində vəkillər ömrünün yarısını həbsdə keçirən Arlicin günahsız olduğunu sübut etməyə nail olublar.