Azərbaycan, Bakı, 16 yanvar /Trend/
Amerikalı qayayadırmananlar Tommi Kelduell və Kevin Yorqenson Kaliforniyanın Yosemiti milli parkında yerləşən dünyanın ən əlçatmaz zirvələrindən biri olan El-Kapitan dağına qalxıblar. Bu barədə Trend Azərbaycan Alpinizm Federasiyasına istinadən məlumat verir.
Hündürlüyü 900 m olan qranit divar son 50 il ərzində dəfələrlə adrenalin həvəskarlarının diqqətini cəlb edib.
Amerikalıların qalxması digərlərindən çox fərqlidir. İdmançılar dağa qalxan zaman heç bir köməkçi alətdən istifadə etməyib, yalnız əl-ayaqlarına, bir də sığorta kəndirlərinə etibar etməli olublar.
T.Kelduell və K.Yorqensonun ekspedisiyası dekabrın 27-dən başlayıb və 19 gün davam edib. Qayayadırmananlar bir neçə dəfə yıxılıb, müxtəlif zədələr alıblar. Yemək və yatmaq üçün onlar çadırlarını havada asılı vəziyyətdə qayaya bağlayırdılar. Barmaqlarının daha tez sağalması üçün idmançılar bint və hətta superyapışqandan istifadə edirdilər. Onlardan biri isə neçə saatdan bir əllərinə xüsusi sağaldıcı balzam vurmalı olurdu.
El-Kapitan ilk dəfə 1958-ci ildə fəth edilsə də, indiyə kimi heç kim bu qayaya yalnız kəndir və sığorta kəmərləri vasitəsilə qalxmamışdı.