Paris. Trend:
Sabah Şəriəti Paris 2024 olimpiadasını medalsız başa vurub
Trend xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında üçüncü yer uğrunda yarışa çıxıb.
Rio-2016-nın bürünc mükafatçısı Sabah Şəriəti 8 ildən sonra uğurunu təkrarlamaq üçün xalçaya çıxıb. 3-cü yer uğrunda qarşılaşmada qüvvəsini sınayacaq “klassik”imizin rəqibi Amin Mirzəzadə (İran) olub. Görüş güləşçimizin məğlubiyyəti ilə başa çatıb. İranlı idmançı 4:0 hesabı ilə qələbə qazandığından Sabah Olimpiadanı 5-ci yerdə bitirib.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmamız Paris-2024-ə beş idmançı ilə yollanıb.