Azərbaycan, Bakı / Trend , müxbir S.Ilhamqızı, E.Hüseynli/ Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasında xarici dövlətləri və beynəlxalq təşkilatları günahlandırıb. "Qarabağ hamımızın qanayan yarasıdır" şənbə günü Türk Dövlətlərinin Bakıda keçirilən XI Qurultayında çıxışında Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.
Bu gün Bakıda türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı işinə başlayıb. Qurultayda 30 ölkədən 550 nəfərədək qonaq, həmçinin Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Şimali Kiprin prezidenti və türkdilli dövlətlərin yüksək hökumət nümayəndələri iştirak edirlər. Qurultayın məqsədi türk dövlət və cəmiyyətləri arasında dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, onlar arasında informasiya mübadiləsini və bir-birlərini daha yaxından tanımalarını təmin etmək, türk mədəniyyətinin zənginliklərini təbliğ etmək, iqtisadi inkişaf sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirən tədbirlər görmək və türk xalqlarının ümumi problemlərinin həlli yollarını birlikdə araşdırmaqdır.
Azərbaycan prezidenti deyib ki, türk dövlətləri imkanlarını birləşdirərək, daha güclü dövlətlərə çevrilməlidirlər.
Baş nazir bildirib ki, Azərbaycanda bir milyon insanın öz ölkəsində qaçqın və köçkün vəziyyətinə düşməsi açıq şəkildə haqsızlıqdır. Ancaq dünya birliyi buna heç bir reaksiya vermir. "Dünya ölkələrinin bizlərə qarşı hər zaman oyun oynadıqlarını müşahidə edirik"- Baş nazir əlavə edib. Ərdoğan deyib ki, Amerika, Fransa və Rusiyanın həmsədr olduğu Minsk Qrupu Qarabağ münaqişəsinin həlli məsələsində hər zaman baş qatmaq siyasətini həyata keçirirlər.
"Türkiyə işğal olunan torpaqların azad olunmasında hər zaman Azərbaycanın yanında olacaq"- Baş nazir bildirib.
İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.