...

Azərbaycan müxalifəti Qarabağ problemi ilə bağlı Madrid görüşünün nəticəsini təhlükəli hesab edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2007 14:46 (UTC +04:00)
Azərbaycan müxalifəti Qarabağ problemi ilə bağlı Madrid görüşünün nəticəsini təhlükəli hesab edir

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifətçi "Azadlıq" bloku Azərbaycan, Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrləri ilə birgə Mardriddə keçirdiyi görüşün nəticələrini Azərbaycan üçün təhlükəli hesab edir. Bu barədə "Azadlıq" blokunun həmsədri Əli Əliyev çərşənbə günü Trend ə açıqlamasında bildirib.

Əliyev hesab edir ki, Qarabağ probleminin həlli yollarını kənarda deyil, Azərbaycan cəmiyyətinin içərisində axtarmaq lazımdır: "Nə qədər ki, cəmiyyətdə Qarabağ problemi ilə bağlı konsensus yoxdur, açıq müzakirələr aparılmır, danışıqlar siyasi müstəvidə birtərəfli qaydada gedir, daxildə siyasi düşmənçilik ovqatı var, Azərbaycanın ərazi bütövlüyü probleminin həlli çətin olacaq. Azərbaycan hakimiyyəti problemin həllini cəmiyyətlə açıq şəkildə müzakirə etmədiyi üçün məsuliyyətini də təkbaşına özü daşıyacaq" - deyə Əliyev bildirib.

"Azadlıq" blokunun həmsədri hesab edir ki ki, Azərbaycanda antidemokratik şərait hökm sürdüyü, insan hüquqları pozulduğu, seçkilər saxtalaşdırıldığı üçün dünya ictimaiyyəti, beynəlxalq qurumlar Qarabağ ermənilərinin Azərbaycanın tabeçiliyinə keçməsinə razı olmayacaq.

"ATƏT-in Nazirlər Şurasının toplantısında Azərbaycana yazılı verilən sənəddə təklif edilib ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldıldıqdan sonra hansısa müddətdən sonra Dağlıq Qarabağda keçiriləcək referendumla əhali öz müqəddəratını həll etsin. Azərbaycan hakimiyyəti cəmiyyətə açıqlama verməlidir ki, bu şərtləri qəbul edərsə, ölkəni hansı təhlükə gözləyir və buna nə üçün gedir" - deyə Əliyev bildirib.

"Azadlıq" bloku təklif edir ki, Hakimiyyət Qarabağ probleminin həllini yalnız öz üzərinə götürməməli, cəmiyyətin potensialından istifadə etməli, ərazi bütövlüyü məsələsinin məsuliyyətini də cəmiyyətlə bölüşməlidir.

Müxalifəti təmsil edən digər siyasi partiyalar, Qarabağ Azadlıq Təşkilatı da Madrid danışıqlarından narahatlıqlarını bildirərək danışıqların gedişatının açıqlanmasını tələb edirlər.

Prezidentin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Trend ə müsahibəsində bildirib ki, Azərbaycan hökuməti hələ ki, ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə tanış etməyə ehtiyac görmür: "Bu gün ictimaiyyətə heç nə elan edə bilmərik, hələlik, münaqişənin sülh yolu ilə qəti həllinə dair ciddi addımlar atılmayıb" - deyə Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti