...

QAT Ermənistana səfər edən Azərbaycan vətəndaşlarının cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Dekabr 2007 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Qarabağ Azadlıq Təşkilatı Azərbaycanın bir qrup QHT və mətbuat nümayəndələrinin bu gündən başlanan Ermənistana səfəri ilə bağlı məsuliyyətə cəlb olunmasını tələb edir. Bu barədə QAT-ın bazar ertəsi yaydığı bəyanatında bildirilir.

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Komitəsinin Gəncə və Ağstafa-Qazax nümayəndələri, Mingəçevirdə insan haqları Mərkəzinin direktoru Cianşa Ömərov, jurnalist Seymur Baycan, "Üçüncü baxış" agentliyinin rəhbəri Rauf Rəcəbov, "Konsensus" QHT-nin rəhbəri Afət Sarıyevin dekabrın 17-dən 23-dək Ermənistanda "Azərbaycan günləri" adlı tədbirlərdə iştirak etmək üçün Yerevana səfəri başlayıb.

QAT hesab edir ki, azərbaycanlıların Ermənistanın paytaxtına səfər etmələri Azərbaycanın milli maraqlarına zərbə vurur və düşmən tərəfin sifarişinin yerinə yetirilməsi deməkdir. QAT-ın bəyanatında bildirilir ki, son 13 il ərzində Ermənistanın fəaliyyəti "xalq diplomatiyası"nın müxtəlif formalarından istifadə etməklə işğal faktının unutdurulmasına yönəlib: "Bu tədbir də həmin məqsədə yönəlib və Azərbaycan xalqının növbəti dəfə təhqir olunması deməkdir"-deyə QAT-ın bəyanatında bildirilir.

Əlavə olunur ki, Ermənistan Azərbaycanın Milli təhlükəsizlik konsepsiyasında "təcavüzkar və düşmən dövlət kimi" tanınıb. Təcavüzkar və düşmən dövlətin paytaxtına səfər etməklə həmin azərbaycanlılar Azərbaycan qanunlarını pozublar və buna görə də cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.

"Hüquq-mühafizə orqanları bu səfərlə bağlı təcili araşdırmalar aparmalı və tədbirlər görməlidir. Əks halda, biz bu xəyanətkar hərəkətlərin qarşısını almaq üçün öz imkanlarımız daxilində qəti addımlar atacağıq"-deyə QAT-ın bəyanatında vurğulanır.

Azərbaycanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Xəzər İbrahim Azərbaycan KİV-lərinə açıqlamasında bildirib ki, bu səfər Azərbaycan həqiqətlərinin daha dolğun çatdırılmasına xidmət edəcək.

Bu, Azərbaycan vətəndaşlarının Ermənistana ilk səfəri deyil, ötən ilin yayında

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Komitəsinin nümayəndələri, QHT və media təmsilçiləri Ermənistana səfər etmişdilər.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

QAT Qarabağın erməni işğalçılarından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə 2000-ci ildə Bakıda yaradılıb. Qurumun rəhbəri tarix elmləri namizədi, dosent Akif Nağıdır. Təşkilat öz sıralarında Azərbaycanın tanınmış ziyalılarını, qaçqın və məcburi köçkünləri, gəncləri, keçmiş döyüşçüləri, ehtiyatda olan yüksək rütbəli zabitləri birləşdirir.

Xəbər lenti

Xəbər lenti