...

Azərbaycanlı deputatlar Ermənistana səfər edənlərə qarşı tədbirlərin görülməsini tələb edirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Dekabr 2007 20:16 (UTC +04:00)
Azərbaycanlı deputatlar Ermənistana səfər edənlərə qarşı  tədbirlərin görülməsini tələb edirlər

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin deputatları Ermənistana səfər edən ölkənin bir qrup QHT və mətbuat nümayəndələrinə qarşı tədbirlərin görülməsini tələb edirlər. Milli Məclisin çərşənbə axşamı keçirilən iclaında deputatlar Azərbaycan vətandaşlarının Ermənistana səfər etmələrinə və Ermənistanda "Azərbaycan günlərinin" keçirilməsinə etirazlarını bildiriblər.

Dekabrın 17-də Ermənistanda Böyük Britaniyanın bu ölkədəki səfirliyinin yardımı ilə təşkil olunan "Azərbaycan həftəsi" başlayıb. Azərbaycan xarici işlər nazirliyi Ermənistanda "Azərbaycan həftəsi"ni Azərbaycan haqqında düzgün informasiyanın verilməsi imkanı kimi baxır.

İqtidaryönlü "Ana Vətən" partiyasının sədr müavini, deputat Zahid Oruc bildirib ki, Ermənistana səfər edən QHT və mətbuat nümayəndərin əksəriyəti həmişə antiazərbaycan mövqeyindən çıxış edən insanlardır: "Ona görə də həmin şəxslər Azərbaycanı təmsil edə bilməzlər. Belə tədbirlərin keçirilməsinin qarşısını almaq üçün konkret addımlar atılmalıdır. Ermənistana səfər edən şəxslər təkçə mənəvi qınaqla üzləşməməlidirlər. Onlara qarşı konkret sanksiyalar tətbiq olunmalıdır".

Millət vəkili qeyd edib ki, Ermənistana səfərləri qadağan edən qanun qəbul olunmalıdır.

Milli QHT Forumunun prezidenti, millət vəkili Azay Quliyev isə, Azərbaycan Xarici işlər nazirliyinin sözcüsü Xəzər İbrahimin Ermənistana səfərlərə bəraət qazandırmasından narazlığını bildirib: "Bəlkə də Azərbaycan QHT və mətbuat nümayəndələrinin Ermənistana səfər və orada çıxış etmələrinə dözmək olardı. Ən dözülməz hal Azərbaycan XİN-nin sözcüsü Xəzər İbrahimin bu cür səfərlərə dolayısı ilə haqq qazandırmasıdır".

Quliyev hesab edir ki, Azərbaycan bu məsələdə vahid siyasət həyata keçirə bilmir. O qeyd edib ki, Azərbaycan və Ermənistan XİN-nin mövqeyi üst-üstə düşür: "Ermənistan bu cür tədbirlərdən istifadə edib, dünyada özünün sülhpərvər imicini yaradır. Bundan sonra biz Türkiyədən necə tələb edə bilərik ki, Ermənistanla sərhədləri açmayın. Ermənistana səfərlərlə bağlı Azərbaycanın konkret və açıq mövqeyi olmalıdır".

Müxalifətyönlü Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, deputat Qüdrət Həsənquliyev də Ermənistana səfərlərə etirazını bildirib: "Müvafiq dövlət qurumları Ermənistana səfər edənlərlə bağlı konkret tədbirlər görməlidir".

Xəbər lenti

Xəbər lenti