...

QAT Ermənistanda səfərdə olan azərbaycanlıların məsuliyyətə cəlb olunmasını istəyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Dekabr 2007 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Qarabağ Azadlıq Təşkilatı Azərbaycanın baş prokuroru Zakir Qaralova müraciət ünvanlayaraq, Ermənistanda səfərdə olan Azərbaycan vətəndaşlarının cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edib.

Ermənistanda Aşot Bleyanın rəhbərliyi ilə dekabrın 17-dən 20-dək "Azərbaycan həftəs" deyilən tədbir keçirilir. Həmin tədbirlərdə Azərbaycandan olan nümayəndələr də iştirak edir.

QAT baş prokurora müraciətində bildirib ki, Ermənistandakı tədbirdə çıxış edən azərbaycanlı Sahib Babayev "Azərbaycan əhalisinin 80 faizdən çoxunun Ermənistanla müharibəyə qarşı olduğunu" deyib: "Hesab edirik ki, bu cür çıxışlar Azərbaycanın dövlət başçısının mövqeyi ilə ziddiyyət təşkil edir, həmçinin, ordumuzun ruh yüksəkliyinə mənfi təsir göstərir. Ermənistada səfərdə olan şəxslər Azərbaycan dövlətinin qanunlarını pozduqlarından, Cinayət Məcəlləsinin 274-cü - "dövlətə xəyanət" maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmaları barədə göstəriş verməyinizi xahiş edirik" - deyə QAT-ın müraciətində bildirilir.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

QAT Qarabağın erməni işğalçılarından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə, 2000-ci ildə Bakıda yaradılıb. Qurumun rəhbəri tarix elmləri namizədi, dosent Akif Nağıdır. Təşkilat öz sıralarında Azərbaycanın tanınmış ziyalıları, qaçqın və məcburi köçkünləri, gənclər, keçmiş döyüşçülər, ehtiyatda olan yüksək rütbəli zabitləri birləşdirir.

Xəbər lenti

Xəbər lenti