...

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq insidentsiz keçib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Avqust 2008 13:11 (UTC +04:00)

Azərbaycan, Bərdə, 27 avqust / Trend , müxbir Ş.Cəliloğlu/ Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində bu gün keçirilən monitorinq insidentsiz keçib.

Monitorinqdən öncə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Həsən Sarıyev monitorinq iştirakçılarına Ermənistan Silahlı Qüvvələri tərəfindən mütəmadi olaraq Azərbaycanın mövqelərinin və yaşayış məntəqələrinin atəşə tutulması barədə məlumat verib. "Atəşkəsin pozulması nəticəsində may ayından bu günə qədər üç nəfər həlak olub. Bundan başqa, Ermənistan Azərbaycanın işğal altında olan ərazilərində yanğınlar törədir. Yanğınlar nəticəsində təkcə Ağdam istiqamətində 340 hektardan çox ərazi yandırılıb və 426 min manat məbləğində ziyan vurulub", - deyə Sarıyev bildirib.

Monitorinq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycanın Bərdə-Ağdam yolunun yaxınlığında, qoşunların təmas xəttində keçirilib.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Antal Herdiç, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İrci Aberle və Vladimir Çountulov keçirib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti